Qarabağ
Qarabağ — Cənubi Qafqazda tarixi-coğrafi bölgə.
Qarabağ Azərbaycanın ən qədim tarixi vilayətlərindən biridir. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağın adı Azərbaycan dilindəki "qara" və "bağ" sözlərindən əmələ gəlmişdir. "Qara" və "bağ" söz birləşməsi Azərbaycan xalqının özü qədər qədim tarixə malikdir. Dünyanın hər yerində bu söz birləşməsinin Azərbaycanın konkret ərazisinə aid edilməsi də danılmaz həqiqətdir. Azərbaycan xalqının öz doğma torpağının bir parçasına verdiyi "Qarabağ" sözü ilk mənbələrdə hələ 1300 il bundan əvvəl (VII əsrdən!) işlənmişdir. Qarabağ əvvəllər bir tarixi-coğrafi anlayış kimi konkret məkanı bildirmiş, sonra isə Azərbaycanın geniş coğrafi ərazisinə aid edilmişdir. Yeri gəlmişkən, bu hal Azərbaycan üçün xarakterikdir: Naxçıvan şəhəri – Naxçıvan bölgəsi, Şəki şəhəri – Şəki bölgəsi, Gəncə şəhəri – Gəncə bölgəsi, Lənkəran şəhəri -Lənkəran bölgəsi.
"Qarabağ"ın Azərbaycanın konkret bir vilayətinin, bir bölgəsinin adı kimi formalaşması tarixi onun etimologiyasının daha elmi şəkildə izahına imkan verir. Çünki Azərbaycan dilində (həmçinin başqa türk dillərində) "qara"nın rəngdən başqa "sıx", "qalın", "böyük", "tünd" və başqa mənaları da vardır. Bu baxımdan, "Qarabağ" termini "qara bağ", yəni "böyük bağ", "sıx bağ", "qalın bağ", "səfalı bağ" və s. mənası kəsb edir. Beləliklə, Qarabağın özü kimi "Qarabağ" sözü də Azərbaycan xalqına məxsusdur.
Qarabağın bölgələri
Dağlıq Qarabağ bölgəsi – Xankəndi, Xocalı, Şuşa, Ağdərə, Əsgəran, Xocavənd.
Qərb bölgəsi – Laçın, Kəlbəcər, Zəngilan, Qubadlı, Daşkəsən, Gədəbəy.
Yuxarı Qarabağ bölgəsi – Ağdam, Ağcabədi, Beyləqan, Goranboy, Naftalan, Füzuli, Cəbrayıl, İmişli, Bərdə, Tərtər.
Tarixi
Qarabağ nəinki Azərbaycanın, hətta bütün dünyanın ən qədim torpaqlarından biridir. Bu ərazidə ən qədim dövrlərə aid yerlər aşkar olunmuşdur. 1968-ci ildə Azıx mağarasında Azıxantrop adlı Azıx adamının çənə sümüyü tapılmışdır. Çox guman ki, Azıx adamları burada 350-400 min il bundan əvvəl yaşamışlar. Bütün tarix boyu Qarabağ Azərbaycanın ayrılmaz hissəsi olmuşdur. Ərəb xilafətinin işğalı və Qafqaz Albaniyası dövlətinin süqutu ilə VII-IX əsrlərdə Qarabağın tarixində əhəmiyyətli dəyişikliklər baş verdi.
Pənahəli xan
Ərəb işğalının nəticəsində Albaniyanın xristian əhalisinin əksəriyyəti İslamı qəbul etdi, qalanları, xüsusilə Albaniyanın Qarabağ yüksəkliklərində yaşayan əhali isə IV əsrdə Albaniyanın dövlət dini elan olunmuş xristianlıqdan imtina etmədi. XIX əsrin əvvəllərində Şimali Azərbaycan ərazilərinin Rusiya tərəfindən işğalından sonra Eçmiədzinin təzyiqi və israrlı müraciətləri nəticəsində Rus çarının Alban Katalikosunun ləğvi barədə qərarı Qarabağ yüksəkliklərinin Alban əhalisinin gürcüləşdirmə və erməniləşdirmə prosesinin başlanğıcını qoydu. Qarabağ Sacilər, Salarilər, Şəddadilər, Atabəylər, Hülakilər (Elxanilər), Qaraqoyunlu, Ağqoyunlu kimi ərəblərin işğalından sonra Azərbaycanda biri birini əvəz etmiş müxtəlif müsəlman dövlətlərinin tərkibində olmuşdur. Azərbaycan Səfəvilər Dövlətinin (1501) yaranması bütün Azərbaycan torpaqlarının mərkəzləşdirilməsinin əsasını qoydu. Səfəvilər tərəfindən yaradılmış dörd əyalətdən birinin adı Qarabağ və ya Gəncə idi. Səfəvilər Dövlətinin mövcudluğuna son qoymuş Nadir şahın ölümündən sonra Azərbaycanda yeni müstəqil və yarı-müstəqil dövlətlər, xanlıqlar və sultanlıqlar yarandı. Onlardan biri Qarabağ xanlığı idi. Qarabağ xanlığı Azərbaycanın görkəmli dövlət xadimlərindən biri olan Pənahəli Bəy Cavanşir tərəfindən yaradılmışdır. Onun oğlu İbrahim xanın dövründə Qarabağ xanlığı daha da gücləndi. 1805-ci ildə İbrahim xan Rusiya silahlı qüvvələrinin komandiri P.D.Sisianov ilə Kürəkçayda müqavilə imzaladı. Kürəkçay müqaviləsinə əsasən Qarabağ xanlığı müsəlman – Azərbaycan torpağı kimi Rusiyaya birləşdirildi. Kürəkçay müqaviləsi Qarabağın, onun dağlıq bölgəsi də daxil olmaqla, tarixi Azərbaycan torpağı olduğunu sübut edən ən mühüm sənədlərdən biridir. Şimali Azərbaycanın işğalından sonra bu torpaqlarda mövqeyini möhkəmləndirmək məqsədi ilə çarizm erməniləşdirmə siyasətini tətbiq etməyə başladı. 1828-ci il Türkmənçay müqaviləsi və 1829-cu il Ədirnə müqaviləsinə əsasən İran və Türkiyədən köçürülmüş ermənilər Qarabağ da daxil olmaqla Şimali Azərbaycanda məskunlaşdırıldılar. 1918-ci il mayın 28-də, təxminən 100 illik Rusiya müstəmləkəsindən sonra Azərbaycan xalqı Şimali Azərbaycanda yeni müstəqil dövlətini yaratdı. Azərbaycan Xalq Cümhuriyyəti Qarabağ üzərində də siyasi hakimiyyəti saxladı. Eyni zamanda, yeni yaranmış Ermənistan (Ararat) respublikası da Qarabağa qarşı əsassız ərazi iddiaları ilə çıxış etdi. Qarabağı ələ keçirmək məqsədi ilə bu dövrdə ermənilər əvvəllər də həyata keçirdikləri soyqırım aktlarını törətməyə davam etdilər. Vəziyyətlə əlaqədar olaraq, 1919-cu ilin yanvarında Azərbaycan hökuməti Şuşa, Cavanşir, Cəbrayıl və Zəngəzur qəzalarını əhatə edən Baş Qarabağ Əyalətini yaratdı. 1920-ci il aprelin 28-də Azərbaycanda Sovet dövlətinin bərqərar olmasından bir neçə il sonra, 1920-1923-cü illərdə həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində keçmiş Qarabağ xanlığının tərkibində olmuş Azərbaycan torpaqları özlərinin ənənəvi tarixi və geocoğrafi bütövlüyünü itirdi. Sovetləşdirildikdən sonra Azərbaycan Dağlıq Qarabağa muxtar vilayət statusu verməyə məcbur edildi. Beləliklə, Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağ süni şəkildə aran və dağlıq hissələrə bölündü. Bütün bu tarixi ədalətsizliklərə baxmayaraq, Dağlıq Qarabağ Muxtar Vilayətinin siyasi, sosial, iqtisadi və mədəni inkişafını təmin etmək üçün Azərbaycan bu bölgədə kompleks islahatlar həyata keçirdi. Amma yenə də erməni separatçıları öz mənfur siyasətlərini həyata keçirməyə və bununla da Azərbaycana ciddi ziyan vurmağa davam etdilər.SSRİ-nin süqutu ərəfəsində onlar öz fəaliyyətini sürətləndirdilər. Azərbaycana qarşı təcavüzkar müharibə başlandı.SSRİ-nin süqutu ərəfəsində onlar öz fəaliyyətini sürətləndirdilər. Azərbaycana qarşı təcavüzkar müharibə başlandı.
Sərhədləri və ərazisi
Qarabağdan bəhs edərkən qarşıya əvvəlcədən belə bir sual çıxır: Qarabağ haradır, Azərbaycanın hansı ərazilərini əhatə edir? Bu sualın cavabı bu gün daha aktualdır və erməni separatçıları tərəfindən törədilmiş "Dağlıq Qarabağ problemi"nin dərk edilməsi üçün mühüm əhəmiyyətə malikdir. Qoyulmuş suala cavab üçün ilk mənbəyə müraciət edək. Vaxtı ilə bu ərazini əhatə edən Azərbaycan dövlətinin – Qarabağ xanlığının vəziri olmuş Mirzə Camal Cavanşir Qarabağlı özünün "Qarabağ tarixi" (1847) əsərində bu məsələdən bəhs edərkən yazırdı: "Qədim tarix kitablarının yazdığına görə Qarabağ vilayətinin sərhədləri belədir: cənub tərəfdən Xudafərin körpüsündən Sınıq körpüyə qədər – Araz çayıdır. İndi (Sınıq körpü) Qazax, Şəmsəddin və Dəmirçi-Həsənli camaatı arasındadır və Rusiya dövləti məmurları onu rus istilahilə Krasnı most, yəni Qırmızı körpü adlandırırlar. Şərq tərəfdən Kür çayıdır ki, Cavad kəndində Araz çayına qovuşaraq gedib Xəzər dənizinə tökülür. Şimal tərəfdən Qarabağın Yelizavetpolla (Gəncə quberniyası nəzərdə tutulur) sərhədi Kür çayına qədər – Goran çayıdır və Kür çayı çox yerdən (keçib) Araz çayına çatır. Qərb tərəfdən Küşbək, Salvartı və Ərikli adlanan uca Qarabağ dağlarıdır"
Rusiya işğalı və müstəmləkəçiliyinin ilk dövründə Qarabağın ərazisi və sərhədlərinin belə dəqiq təsvir edilməsi onunla izah olunur ki, 1) bu faktı bilavasitə Qarabağın idarəsilə məşğul olan dövlət adamı yazır, başqa sözlə, həmin fakt rəsmi sənədlərə əsaslanan rəsmi sözdür, Rusiyanın xidmətində olan dövlət adamının rəsmi sözüdür; 2) digər tərəfdən bu fakt yalnız reallığa, təcrübəyə əsaslanmaqla qalmayıb ilk mənbələrlə də sübut olunur. Mirzə Camalın mövqeyinin doğruluğunu göstərmək üçün qədim tarix kitablarına istinad etməsi təsadüfi deyil. Göründüyü kimi, siyasi-coğrafi məkan olaraq, tarixdə həmişə "Dağlıq Qarabağ" deyil, bütöv halda, yəni Qarabağın bütün ərazisini – dağlarını, düzənlərini əhatə edən ümumi bir "Qarabağ" anlayışı olmuşdur. Başqa sözlə, "Dağlıq Qarabağ" anlayışı çox sonraların "məhsuludur", separatçılıq niyyəti ilə Qarabağın bir hissəsinə verilmiş addır.
Erməni "alimlərinin" saxtakarlığı
Azərbaycan Respublikasına qarşı Dağlıq Qarabağla bağlı əsassız ərazi iddialarına haqq qazandırmağa çalışan ermənilər növbəti saxtakarlığa əl atmışlar. Bu dəfə erməni "tarixçiləri", guya, uydurma "Böyük Ermənistan"ın paytaxtı Tiqranakert şəhərinin qalıqlarının Azərbaycanın işğal olunmuş Ağdam rayonu ərazisində aşkar olunması barədə heç bir elmi əsası olmayan hay-küy kampaniyasına başlamışlar. Bu cür uydurma məlumatlar müxtəlif xarici ölkələrin mətbuat səhifələrində də dərc olunmaqdadır. Xarici ölkə alimləri, jurnalistləri içərisində erməni saxtakarlığının mahiyyətini düzgün qiymətləndirənlər də az deyildir. Məsələn, Polşa alimi Voytsex Pastuşka, haqlı olaraq, Tiqranakertin bu bölgədə olmasına şübhə ilə yanaşır və bu fikrin siyasi məqsədlərlə ortaya atıldığını, göstərilən qazıntıların "arxeoloji deyil, siyasi qazıntılar olduğunu" qeyd edir.
Yuxarıda göstərilənlərlə bağlı olaraq Azərbaycan tarixçiləri qətiyyətlə və birmənalı şəkildə bəyan edirlər: Azərbaycanın arxeoloji abidələrlə zəngin olan və kifayət qədər yaxşı öyrənilmiş Qarabağ bölgəsinin nə dağlıq, nə də düzən hissələrində indiyə qədər heç bir erməni yaşayış məskəni aşkar edilməmişdir.
Yeri gəlmişkən, üzdəniraq erməni "alimlərinin" vaxtaşırı dünya ictimaiyyətini belə"tapıntılarla" "şok"a salması yeni məsələ deyildir. Dünya alimlərinin yaxşı yadındadır ki, "erməni alimləri" hələ Sovetlər Birliyi dövründə Metsamorda "erməni heroqlifi" ilə yazısı olan və guya dünyada ilk sikkə sayılan pulların tapılması barədə bütün dünyada hay-küy qaldırmışdılar. O zaman, yəni XX əsrin 70-ci illərində, akademik V.V.Piotrovski elə ermənilərin öz jurnalındaca ("İstoriko-filoloqiçeskiy jurnal") onları rüsvay etmiş, ərəb sikkələrini "özününküləşdirən" erməni alimlərinin iç üzünü açıb dünya ictimaiyyətinə göstərmişdi. Bu qəbildən olan erməni yalanlarının, saxtakarlıqlarının sayını kifayət qədər artırmaq da olardı...
Polşa alimi Voytsex Pastuşkanın qeydlərində göstərilən, guya Tiqranakert şəhərinin yerinin tapılması ilə bağlı yalançı məlumat da bu qəbildəndir, daha doğrusu, növbəti erməni saxtakarlığıdır.
Azərbaycan tarixçiləri bildirirlər: Qarabağın yüz ildən çox müddət ərzində arxeoloji tədqiqi prosesində nə dağlıq, nə də düzən Qarabağda heç bir qədim erməni yaşayış yeri, nekropolu, qalası və s. aşkar olunmamışdır. Azərbaycan arxeoloqlarının on illər boyunca apardıqları arxeoloji qazıntılar nəticəsində Qarabağ ərazisində paleolit dövrünə aid Azıx, Tağlar, Zar mağara düşərgələri, eneolit dövrünə aid Çalağantəpə, Leylatəpə və s. abidələr, ilk tunc dövrünə aid Xankəndi, Üçoğlan, Göytəpə, Qarahacılı abidələri, orta tunc və son tunc dövrlərinə aid Üzərliktəpə, Xocalı, Dovşanlı, Axmaxı, Sırxavənd, Sarıçoban, Qarabulaq abidələri, habelə antik və ilk orta əsrlər dövrlərinə aid Govurqala və digər çoxsaylı abidələr aşkar edilmişdir. Dünya elmi ictimaiyyəti, o cümlədən erməni alimlərinin özləri də, bütün bu tarixi abidələrin Azərbaycanın qədim sakinlərinə məxsus olduğunu birmənalı şəkildə qəbul etmişlər.
Dünya arxeoloqları yaxşı bilirlər ki, Qarabağ ərazisində arxeoloji qazıntı işlərinə hələ XIX əsrin ikinci yarısından başlanmışdır. Sovet hakimiyyətindən əvvəlki dövrdə bu bölgədə Şuşa realnı məktəbinin müəllimi, milliyyətcə alman olan Emil Resler, rus tədqiqatçısı A.A.İvanovski arxeoloji qazıntılar aparmışlar. XX əsrin 20–50-ci illərində Qarabağda İ.İ.Meşşaninov, A.A.İyessen, Y.İ.Qummel, Ə.Ə.Ələkbərov, Ö.Ş.İsmizadə və digər tanınmış rus-sovet və Azərbaycan alimləri arxeoloji qazıntılar aparmışlar.
XX əsrin 60-80-ci illərində Qarabağda M.M.Hüseynov, Q.S.İsmayılzadə, İ.H.Nərimanov, A.B.Nuriyev, R.B.Göyüşov, N.F.Cəfərov və digər tanınmış Azərbaycan arxeoloqları geniş qazıntı-tədqiqat işləri aparmışlar. Qarabağın qədim tarixinə dair ən sanballı məlumatlar məhz bu alimlərin əsərlərində toplanmışdır (Bax: R.B.Qeyuşov. Xristianstvo v Kavkazskoy Albanii. Baku – 1984; M.M.Quseynov. Drevniy paleolit Azerbaydjana Baku – 1985; İ.Q.Narimanov. Kultura drevneyşeqo zemledelçesko-skotovodçeskoqo naseleniya Azerbaydjana. Baku – 1987; Q.S.İsmayılov. Quruçay və Köndələnçay vadisində qədim mədəniyyət izləri. Bakı – 1981; H.F.Cəfərov. Azərbaycan e.ə. IV minilliyin axırı – I minilliyin əvvəllərində. Bakı – 2000; A.Nuriyev, Ə.Babayev. Bərdə şəhərinin tarixi-arxeoloji oçerki. Bakı – 2001 və s.).
Azərbaycanın Ağdam bölgəsinə gəldikdə, Azərbaycan alimləri tərəfindən Ağdam şəhərinin kənarında e.ə. II minilliyin I yarısına aid edilən (orta tunc dövrü) Üzərliktəpə yaşayış yeri öyrənilmişdir. Yaşayış yerinin ətrafına qala hasarı çəkilmişdir. Bundan başqa, Azərbaycan arxeoloqları tərəfindən Ağdamın Şıxbabalı və Papravənd kəndi ərazisində e.ə. XII-IX əsrlərə aid ətrafına qala divarları çəkilmiş möhtəşəm yaşayış məskənləri tədqiq olunmuşdur. Bu abidələr Azərbaycanda, xüsusilə onun Qarabağ bölgəsində ilkin şəhər mədəniyyətinin formalaşmasını sübut edir və Azərbaycan xalqının tarixi keçmişinə məxsusdur.
Bütün bunlardan başqa, Qarabağ bölgəsində bir neçə nəsil Azərbaycan arxeoloqlarının səyi ilə Quruçay mədəniyyəti (paleolit dövrü), Leylatəpə mədəniyyəti (eneolit dövrü), Kür-Araz mədəniyyəti (ilk tunc dövrü), Üzərliktəpə mədəniyyəti (orta tunc dövrü), Xocalı–Gədəbəy mədəniyyəti (son tunc və ilk dəmir dövrü), habelə antik və orta əsrlərə aid yüzlərlə tarixi abidə tədqiq olunaraq, dünya elmi ictimaiyyətinə çatdırılmışdır. Bütün bu abidələrin məhz Azərbaycan xalqının tarixi keçmişinə məxsus olması dünya arxeologiyasına çoxdan məlumdur və həmin abidələrin erməni tarixinə heç bir aidiyyəti yoxdur.
MİLLİ QƏHRƏMANLAR
10 may Milli Qəhrəman Abdullayev Namiq Vahid oğlu anadan olub.
10-may 1974-cü ildə Ağcabədi rayonunun Avşar kəndində anadan olmuşdur. 1991-ci ildə Avşar kənd orta məktəbini bitirir. 1992-ci ilin dekabırında cəbhəyə yola düşür. 1993-cü il fevralın 9-da erməni silahlı dəstələri Xocavənd rayonunda mövqe tutmuş döyüşçülərimizin üzərinə böyük qüvvə ilə hücuma keçirlər, düşmənin güclü hərbi texnikası qarşısında bu kiçik dəstəmiz tab gətirə bilməzdi. Amma onlar ölümün gözünə dik baxdılar və hücumu dəf etməyə çalışdılar. Onlarla erməni quldurunu məhv edən Namiq son anda əlindəki qumbaranı sinəsinə sıxaraq özünü tankın altına atdı, zirehli texnikanın heyəti məhv edildi, vətənimizin bu cəsur oğlu şəhidlik zirvəsinə ucaldı.Subay idi.
Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli 202 saylı Fərmanı ilə Abdullayev Namiq Vahid oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir.
Avşar kəndində dəfn edilib. Avşar kənd orta məktəbi onun adını daşıyır.
Məmmədov Natiq Bəşir oğlu 11 may döğum günüdür.
11 may 1975-ci ildə Zaqatala rayonunun Əli Bayramlı kəndində anadan olmuşdur. 1990-cı ildə kənd orta məktəbinin səkkizinci sinfini bitirərək, təhsilini Qax rayonundakı 3 saylı texniki-peşə məktəbində davam etdirmiş, mexanizator ixtisasına yiyələnmişdir. 1993-cü il may ayının 13-də Zaqatala rayon hərbi komissarlığı tərəfindən ordu sıralarına çağırılmışdır. Seyfəlidə hərbi təlim keçən N. Məmmədov döyüş yolunu Ağdam, Füzuli, Tərtər bölgələrində davam etdirmişdir. 4 oktyabr 1994-cü ildə xüsusi təyinatlı dəstənin tərkibində Gəncə şəhərinə gətirdilər. Qiyamı yatırmaq üçün hərbi hissənin əsgərləri döyüş hazırlığına gətirilmişdi. Natiq də bu əməliyyatda iştirak edirdi. Vəzifə borcunu yerinə yetirərkən qəhrəmancasına həlak olmuşdur.
Subay idi.
Azərbaycan Respublikası Prezidentinin 5 oktyabr 1992-ci il tarixli 215 saylı Fərmanı ilə Məmmədov Natiq Bəşir oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir.
Zaqatala rayonunun Əli Bayramlı kəndində dəfn edilmişdir.
Əli Bayramlı kəndindəki uşaq bağçası onun adını daşıyır.
Комментариев нет:
Отправить комментарий