Qədim Yunanıstan → Makedoniyalı İsgəndərin Şərq yürüşü və nəticələri
İran-yunan müharibələri dövründə İranın məğlubiyyəti əslində Əhəmənilər imperiyasının süqutunun başlanğıcı idi. İrana tabe olan əyalətlərdə zülm, istibdad və məmurların özbaşınalığı yerli əhalinin İrana qarşı nifrət və üsyanlarının başlıca səbəbi idi… Makedoniyalı İsgəndərin Şərq yürüşü ərəfəsində dərin böhran keçirən İran dövləti dağılmaqda idi.
Əhəmənilərin sonuncu hökmdarlarından olan III Artakserks e.ə 338- ci ildə vəfat etdikdən sonra şahın varisləri arasında uzun müddət hakimiyyət uğrunda mübarizə başlanır. Nəhayət e.ə 336-cı ildə III Dara Kodoman hakimiyyət başına keçir.
Uzun müddət davam edən hakimiyyət uğrunda mübarizə, ümumi iqtisadi tənəzzül, İran ordusunun döyüş qabiliyyətinə son dərəcə ciddi mənfi təsir göstərmişdi. Onları tayfa və xalqlardan təşkil olmuş, biri-biri ilə əlaqəsi olmayan, hərbi hazırlığı və nizam-intizamı son dərəcə zəif olan İran ordusunun başında duran sərkərdələr dəəksər hallarda hərbi işdən yaxşı baş çıxara bilmirdilər.
E.ə 334-cü ildə ciddi hərbi hazırlıqdan sonra İsgəndərin birləşmiş Makedoniya-yunan ordusu Hellesponta doğru hərəkət edir. Arxada əminamanlığı təmin etmək üçün İskəndərin sərkərdəsi Antipatr 13.500 nəfərlik qoşunla Yunanıstanda qalır. İrana qarşı başlanmış müharibədə başlıca məqsəd Aralıq dənizi və Kiçik Asiya regionlarından İran monarxiyasını sıxışdırıb çıxarmaq, yeni ərazilər, sərvətlər, çoxlu qul və s. əldə etmək və bu vasitə ilə yunan quldarlıq demokratiyasının inkişafını təmin etmək idi. Müharibənin başlanmasında səbəb kimi, Kserksin Yunanıstana hucumu zamanı yunanların çəkmiş olduqları iztirabların əvəzinin çıxarılması, iranlılar tərəfindən aparılmış yunan allahlarının heykəllərinin geri qaytarılması və II Filippin qisasını alınması göstərilirdi.
Kiçik Asiyaya daxil olmuş İsgəndərin ordusu 30 min piyada və 5 min süvari döyüşçüdən ibarət idi. Bu ordunu Aralıq dənizinin şərq sahillərinə 160 gəmidən ibarət yunan donanması çıxarmışdı. Makedoniya nizami ordusunun əsasında cəbhənin mərkəzindən hüçum etmək və düşməni darmadağın etmək vəzifəsini həyata keçirən və daha az mütəhərrik olan ağır piyada qoşun — falanqa dayanırdı. Makedoniya ordusunda təcrübəli mühəndislər, istehkam ustaları, habelə o dövr üçün mükəmməl sayılan mühasirə texnikası və s. var idi. Sonralar Roma ordusu məhz Makedoniya ordusunun nümunəsində qurulmuşdu.
Makedoniya qoşunlarının İran ordusuna qarşı ilk döyüşü e.ə. 334-cü ilin mayında Kiçik Asiyadakı Qranik çayı yaxınlığında baş vermişdi… Makedoniya ordusu hücumla Qranik cayını keçərək İran ordusunun ön cəbhəsini yarmış və onun avanqard hissələrini darmadağın etmişdi. Döyüş zamanı düşmənin cinahlarına və arxasına keçmiş Makedoniya süvari qoşunları başlıca rol oynamışdı.
Qranik döyüşündən sonra Kiçik Asiyanın yunan şəhərləri Milet və Qalikarnas istisna olmaqla müqavimətsiz İsgəndərə tabe oldular. Qısa müddətdə Kariya, Likiya, Pamfiliya, Frakiya və s. şəhərlər İsgəndər tərəfindən zəbt edildi. E.ə 333-cü ilin baharında makedoniya ordusu Kappadokiyanı işğal edib Kilikiya və Tavra daxil olmuşdu. İran ordusu müqavimət göstərmədən Mesopotamiyaya çəkilmişdi. Makedoniyalı İsgəndər taktiki mülahizələri əsas tutaraq yunan polislərində «azadlıq» və «xilaskarlıq» siyasəti yeridir, oradakı iranmeyilli hakimləri devirərək demokratik quruluşu bərpa edirdi. Əslində Kiçik Asiyadakı yunan polislərinin «azadlığı» Yunanıstandıkı dövlətlərin «azadlığından» daha çox zahiri xarakter daşıyırdı. Azad olmuş yunan polislərinin müstəqilliyi nisbi xarakter daşıyır, onlar hətta Korinf ittifaqına belə daxil edilmirdilər.
Kiçik Asiyada qazandığı uğurlara baxmayaraq İsgəndər İran donanması arxadakı fəaliyyətinə qarşı heç nə edə bilmirdi. Aralıq dənizinin şərq rayonlarında hakim mövqe tutmaqda olan bu donanma İsgəndərin materiklə əlaqəsini əsasən kəsmişdi. Yunanıstanda da vəziyyət o qədər möhkəm deyildi. Makedoniya hakimiyyətinə qarşı narazılıq əhvali-ruhiyyəsi genişlənməkdə idi. Hətta Afina III Daranın yanına xüsusi nümayəndə göndərərək onunla danışıqlar aparmış, Makedoniyaya qarşı birgə fəaliyyət göstərilməsi haqqında razılığa gəlinmişdi.
Egey dənizində başlıca dayaq məntəqələrini ələ keçirmiş İran donanmasının başcısı yunan mənşəli Memnon İsgəndərin arxasında makedoniyalılara qarşı ümumi üsyan hazırlığı ilə bağlı son tədbirləri görürdü. Bununla belə, başladığı işləri axıra çatdıra bilmədi. Memnonun qəfildən ölümü bu planı alt-üst etdi. Onun ölümü ilə bağlı müxtəlif etimallar irəli sürülürdü.
İsgəndərin qoşunları çətin dağ keçidlərini aşaraq Şimali Suriyaya çıxarkən III Daranın İran qoşunları Aman dağlarını keçərək Makedoniya ordularının arxasına çıxmış, Pinar çayı boyunca əraziləri tutaraq İskəndəri arxadakı bazalarından məhrum etmişdi. İran qoşunları İssa (İss) şəhəri yaxınlığındakı dəniz ilə dağ silsilələri arasında olan dar vadidə möhkəmlənərək Makedoniya qoşunlarını çətin vəziyyətə salmışdı. III Daranın qoşunlarının sayı 150 min nəfərə çatırdı. Makedoniyalıları yalnız qəti və sürətli hərəkət fəlakətdən qurtara bilərdi. İsgəndərin sərkərdəlik bacarığı məhz burada özünü bariz şəkildə göstərirdi.
E.ə. 333-cü ilin oktyabrında Makedoniya qoşunlarının sağ cinahı və İsgəndərin özünün rəhbərlik etdiyi hetayr (hetayr «yoldaş», «dost» deməkdir. Hetayrlar Makedoniya zədəganlarından və İsgəndərin yaxın dostlarından ibarət olan qvardiya hissəsi olub İsgəndərin mühafizəsini təşkil edirdilər) hissələri Dara qoşunlarının mövqelərinə soxularaq onları dağıdır ki, bununla da III Dara döyüş meydanından qaçmaqla canını qurtarır. İran qoşunları olduqca böyük tələfat verərək pərakəndə şəkildə hərb meydanını tərk etməyə məcbur olmuşdular.
Makedoniya ordusunun bu qələbəsi nəticəsində III Daranın zəngin çadırı, anası, arvadı və iki qızı İsgəndərin əlinə keçmişdi.Mənbələrdə III Daranın İss döyüşündən sonra İsgəndərə yazdığı bir neçə məktubun məzmunu qorunub saxlanmışdı. Bunlarda III Daranın İsgəndərlə Əhəmənilər dövlətini bölüşdürmək istəyi öz əksini tapmışdı. Belə ki, III Daranın İsgəndərə yazmış olduğu birinci məktubda öz ailəsinin qaytarılmasını xaiş edir, ona İranla ittifaq müqaviləsi bağlamağı təklif edirdi. İkinci məktubunda Dara öz ailəsini azad etmək üçün İsgəndərə 10 min talant pul, habelə Fərat çayının qərbindən o yana yerləşmiş bütün əraziləri verməyi təklif edirdi. İss döyüşü İsgəndərin Şərq yürüşü gedişində dönüş nöqtəsi olmuşdu. Bununla da bütün Kiçik Asiya işğal edilmişdi.
Tədqiqatçılara görə, bu dövrdə İsgəndər hələ dünya monarxiyasının yaradılması haqqında düşünmürdü. Onu şərqə doğru yürüşə vadar edən iqtisadi çətinliklər idi. Belə ki, dövlət xəzinəsi boşalmış, borclar fəlakətli həddə çatmışdı. Şərq yürüşünə çıxarkən İsgəndərin xəzinəsində cəmi 70 talant pul var idi. Alınmış borcların məbləği isə 1300 talanta çatırdı. Hər ay qoşuna və donanmaya 300 talant muzd verilməli idi. Beləliklə, Elladanı iranlılardan müdafiə etmək məqsədi ilə başlanmış bu müharibə sözün əsil mənasında qəsbkarlıq yürüşünə çevrilmişdi.
İsgəndər İss döyüşündə darmadağın edilmiş İran qoşunlarını və Daranı təqib etməkdən imtina edərək Aralıq dənizində hegemonluq edən İran donanması bazalarını məhv etmək məqsədi ilə Suriya, Finikiya və Fələstinə hərəkət etmiş və böyük uğurlar qazanmışdı.Belə ki, Finikiyanın sahil şəhərlərlərinin əksəriyyəti müqavimət göstərmədən makedoniyalılara tabe olmuş, Arvad, Marat, Bibl, Sidon və s. şəhərlər döyüşsüz tutulmuşdu. İsgəndərin sərkərdəsi Parmenion Dəməşq şəhərini tutaraq III Daranın araba karvanını və səyyar xəzinəsini ələ keçirmişdi.
Lakin İsgəndər heç də hər yerdə xilaskar kimi qarşılanmırdı. Belə ki, Makedoniya qoşunları Tir və Qəzza şəhərlərində ciddi müqavimətlə qarşılaşmış, yalnız yeddi aylıq mühasirədən sonra e.ə. 332-ci ilin iyulunda Tir şəhərini ələ keçirmişdilər. Şəhərə amansız divan tutulmuş, əlinə silah götürə bilən kişilərin 30 min nəfəri məhv edilmiş, səkkiz min nəfəri isə qul edilib satılmışdı.Tir şəhərinin alınmasında Makedoniya ordusunun mühasirə texnikasının yüksək səviyyədə olması, habeləİsgəndərin sərkərdəlik məharəti özünü bir daha göstərmişdi.
Aralıq dənizi boyunca şəhərləri ələ keçirən Makedoniya qoşunları bununla da İran donanmasını bazalarından məhrum edib onun dağılmasına səbəb oldu. Beləliklə, İsgəndər Aralıq dənizi hövzəsindəki başlıca təhlükəni aradan qaldıraraq Balkan yarımadası ilə sıx əlaqə yaratmağa müvəffəq olmuşdu. İsgəndər e.ə. 332-ci ilin noyabrında Misiri müqavimət görmədən tutur. İran zülmündən cana gəlmiş Misir əhalisi İsgəndəri xilaskar kimi qarşılayırdı. Misirə daxil olan İsgəndər ölkənin fironları kimi, o da Liviyada Siva səhrasındakı məşhur Amon allahı orakulunu ziyarət etmişdi. İsgəndər Misir səfərinə böyük siyasi əhəmiyyət verirdi. Buna görə dəİsgəndər öz ətrafındakı yunan və makedoniyalıların ciddi müqavimət göstərməsinə baxmayaraq, son nəticədə öz iradəsini onlara qəbul etdirmişdi.Tədqiqatçıların fikrincə, görünür gələcəkdə çarın ilahiliyi ideyası onun fikrinə elə burada gəlmişdi. Misir kahinləri İsgəndəri «Amonu sevən», Ra allahının oğlu və ölkənin qanuni fironu elan etmişdilər. Amon allahına nəinki Misirdə, hətta Kiçik Asiyada və Yunanıstanda da böyük hörmət var idi.Yunanlar və Makedoniyalılar Amon allahını Zevsə bərabər tuturdular.
Kiçik Asiya şəhərlərindən biri də Frikiyanın paytaxtı olmuş Qordi şəhəri idi.Yerli əfsanəvi hökmdarlardan birinin adı ilə “Qordi düyünü” bu şəhərdə döyüş arabasına vurulmuşdu. Əfsanəyə görə, bu düyünü açan Asiyanın hökmdarına çevrilə bilərdi. Həmin düyün İsgəndərə də göstərilmişdi, lakin onu aça bilməyən İsgəndər düyünü qılıncla doğramışdı.Yəqin ki, elə o dövrlərdən siyasi leksikona düyünə düşmüş məsələlərin qılınc gücünə açılması fikri daxil olmuşdu. E.ə 332-331-ci illərin qışını Misirdə keçirən İsgəndər Nil çayı deltasında İsgəndəriyyə adlı yeni şəhərin salınmasına nail olmuşdu. İsgəndəriyyənin coğrafi mövqeyi son dərəcə əlverişli idi. E.ə IV əsrin sonu III əsrin əvvəllərində bu şəhər yunan və şərq aləminin ən böyük ticarət, sənətkarlıq və mədəni mərkəzinə çevrilmişdi. Misirin işğalı vəİsgəndəriyyənin salınması makedoniyalıların Aralıq dənizi hövzəsinin şərqində tamamilə möhkəmlənməsinə imkan yaratmışdı.Bu şəhərin adı ilə qədim dünyanın ikinci möcüzəsi hesab edilən İsgəndəriyyə mayakı bağlıdır. E.ə 331-ci ilin baharında İsgəndər Misiri tərk edərək Finikiya və Suriya ərazisindən keçən qədim ticarət yolu ilə şərqə doğru hərəkət edir ki, bununla da İran monarxiyasının şərq hissəsi uğrunda mübarizə başlayır. Qarşıdakı döyüşdə III Dara imperiyasının taleyi həll edilməli idi. İran şahı bunu yaxşı başa düşdüyü üçün döyüşə əvvəlki döyüşlərdən daha yaxşı hazırlaşmışdı. İsgəndərlə sülh danışıqlarının baş tutmaması III Daranı son döyüşə olduqca ciddi şəkildə hazırlaşmağa vadar etmişdi. III Daranın ordusunda təkərlərinə oraqvari xəncərlər taxılmış, düşmənə böyük tələfat verən 100 cəng arabası və 15 döyüş fili var idi. İsgəndərin hərbi qüvvələri 40 min piyada və 7 min süvari döyüşçüdən ibarət olduğu halda, III Daranın ordusu təxminən 80 min piyada və 12 min süvaridən ibarət idi.
Makedoniya qoşunları Dəclə və Fərat çaylarını keçərək e.ə. 331-ci ilin sentyabrında qədim Assuriyanın ərazisindəki Arbela şəhəri yaxınlığındakı Qavqamel kəndi ətrafındakı düzənliyə çatdı və məhz burada qədim dünyanın ən böyük döyüşəməliyyatlarından biri baş vermişdi.
İran ordusunun döyüş qaydalarını yaxşı öyrənmiş İsgəndər öz qoşunlarının ön xəttində yüngül silahlı piyadaları yerləşdirmişdi. Əsas hərbi qüvvələrin mərkəzində falanqa, sol cinahında piyada və süvari döyüşçülər, sağ cinahında hetayrlar və adi süvari dəstələri düzülmüşdü. Ordunun sol cinaha Parmenion, sağ cinaha isə İsgəndər özü komandanlıq edirdi.
III Daranın ordusunun mərkəzində döyüş filləri, cinahlarda cəng arabaları, əsas hərbi qüvvələrin arxasında isə muzdlu yunan qoşunları yerləşdirilmişdi. Təhlükəli cəhət o idi ki, İran qoşunlarının cəbhə xətti makedoniyalıların cəbhə xəttindən xeyli uzun idi. Belə vəziyyətdə İran ordu hissələri cinahlardan Makedoniya qoşunlarının arxasına keçib onları mühasirəyə ala bilərdi. Buna görə də İsgəndər sağ və sol cinahların arxasında ehtiyat qoşun dəstələri düzür ki, onlar lazımi vaxtda arxa tərəfə çevrilib oradan olan hücumu dəf edə bilsinlər.
Babil satrapı Mazeyin rəhbərlik etdiyi qoşun dəstələrinin müvəffəqiyyətli zərbəsi nəticəsində iranlılar Parmenionun komandanlıq etdiyi sol cinaha böyük tələfat verərək makedoniyalıların falanqasını yarıb İsgəndər qoşunlarının arxasına keçməyə müvəffəq olmuşdular.
Lakin İran qoşunlarının həmlələrinin qarşısı tezliklə alınır, hətta İsgəndər özünün başçılıq etdiyi hetayrlar iranlıların sol cinahını əzərək III Daranın qərargahına yaxınlaşır ki, İran şahı döyüşün taleyi həll edilmədiyi bir anda hərb meydanından qaçır və İran ordusunun arxasına keçmiş İsgəndər qoşunları onlara zərbə endirirlər. Bununla da döyüşün taleyi həll edilmiş olur. Makedoniya süvariləri iranlıları 80 km-lik məsafədə Arbelaya qədər təqib etsələr də, başda III Dara və onun satraplarından Bess, Barseant, Satibarzan, Nabarzan və digərləri olmaqla iranlıların kiçik bir süvari dəstəsi Midiyanın paytaxtı Ekbatan şəhərinə çəkilməyə müvəffəq oldular. Satrap Mazey isə Babil şəhərinə çəkilir.
Qavqamel döyüşündə İsgəndərin tam qələbə əldə etməsi və III Daranın əsas hərbi qüvvələrinin məhv olması Əhəmənilər dövlətinin sonunun çatması demək idi. İran dövlətinin həyati əhəmiyyətə malik bütün mərkəzlərinə yollar açılmışdı. İsgəndər əvvəlcə Babil şəhərinə doğru irəliləmiş, Babil əhalisi isə başda Mazey olmaqla İsgəndəri xilaskar kimi qarşılamışdı. İsgəndər burada qədim Mesopotamiya çarlarının titulunu («Babil və dünyanın dörd qitəsinin çarı») qəbul etmiş, oradan Suza, Suzdan isəİran imperiyasının mərkəzi olan Persidaya (Parsa) yollanmışdı. Satrap Ariobarzan və dağ tayfaları ilə bir neçə toqquşmadan sonra İsgəndər farsların hər iki paytaxt şəhərini- Pasarqad və Persepolu ələ keçirmişdi.
Antik müəlliflərindən Adrian və Plutarxın yazdıqlarına görə, İsgəndər Persepol xəzinəsindən tükənməz sərvət — 180 min talanta qədər pul, çoxlu qızıl və gümüş məmulatı, cəvahirat və s. ələ keçirmişdi. III Daranın bu sərvətini daşımaq üçün İsgəndərə min cüt qatır və üç min dəvə lazım gəlmişdi. Dövriyyəyə buraxılmış bu bahalı metal yaxın gələcəkdə ellinist dövlətlərinin iqtisadiyyatının canlanmasına səbəb olmuşdu. Elladaya Kserksin verdiyi zülm və işgəncənin əvəzini çıxmaq adı altında İsgəndər Kserksin Persepoldakı yüz sütunlu möhtəşəm sarayını da yandırmışdı, bu yanğının nəticəsində atəşpərəstliyin müqəddəs kitabı sayılan “Avesta” da məhv edilmişdi.
Qısa fasilədən sonra e.ə. 330-cu ilin yazında İsgəndər Persepolu tərk edərək Midiyanın paytaxtı Ekbatana tərəf hərəkət edir, çünki III Dara burada idi. Makedoniya qoşunlarının yaxınlaşması xəbərini eşidən III Dara Xəzər dənizini cənubundan keçən yollarla Orta Asiyaya qaçmaq qərarına gəlir. Bu dövrdə o əslində Baktriya satrapı Bessin başçılıq etdiyi bir dəstə İran zədəganının əsirinə çevrilmişdi. İsgəndər onları təqib edərək Xəzər dənizinin cənub-qərbindəki Kirkaniya vilayətində onlara yaxınlaşır. Makedoniya süvarilərinin onlara çatdığını görən satraplar III Daranı xəncərlə öldürərək təqibdən xilas ola bilirlər. İsgəndər öldürülmüş III Daranı böyük təmtaraqla dəfn edərək, özünü İran şahlarının qanuni xələfi və bütün Asiyanın çarı elan edir.
Bu dövrdən etibarən İsgəndər özünü Şərq monarxları kimi aparmağa başlayır ki, bu da yunan-Makedon əsilzadələrinin müqaviməti və İsgəndərə qarşı çoxsaylı qəsdləri şərtləndirir. Lakin bunların heç biri uğurla nəticələnməmişdi. Bu İsgəndərin sosial dayaqlarının kifayət qədər güclü olmasından xəbər verirdi.
Makedoniyaya düşmən olan bütün qüvvələrin Şərqi İran və Orta Asiyada toplaşmaqda davam etməsi Şərq yürüşünün davam etdirilməsini tələb edirdi. Xəzər dənizinin şərqində cəmləşməkdə olan bu qüvvələrin başında özünü IV Artaksersk adı altında şah elan etmiş Baktriya hökmdarı Bess dururdu. Şərqdə hakim olan bu qüvvələri məğlub etmədən İsgəndər öz hakimiyyətini möhkəm və təhlükəsiz hesab edə bilməzdi. Digər tərəfdən Bess özünü müstəqil hökmdar yox, İran şahı elan etməklə olduqca ciddi səhvə yol vermişdi. Əhəmənilər dövlətinin varlığına son qoymağı başlıca məqsədi elan edən İsgəndər Bessin bu niyyətini cavabsız qoya bilməzdi. Lakin Orta Asiyada yürüşü davam etdirmək istəyən İsgəndər gözləniməyən hərbi çətinliklərə və xüsusilə də öz yaxın adamları arasında qəti müxalifətə rast gəlmişdi. Çarın yaxın silahdaşları onun siyasəti ilə razılaşaraq bu siyasətin həyata keçirilməsinə ciddi etiraz edirdilər.
İsgəndərin şərq yürüşü ilə əlaqədar etiraz və narazılıq hələ müharibənin ilk dövrlərində özünü göstərməyə başlamışdı. Kiçik Asiya işğal edildikdən və III Daranın İsgəndərə yazmış olduğu ilk məktubdan sonra çarın yaxın silahdaşlarının bir qismi, o cumlədən hələ II Filippə xidmət etmiş qocaman sərkərdə Parmenion İran şahının təklifini qəbul etməyi, Kiçik Asiyanın fəthi ilə kifayətlənməyi və bununla da müharibəni bitirməyi təkid edirdi. Lakin İsgəndər bu təklifi qəti olaraq rədd etmişdi.
Şərq yürüşünün gedişində Makedoniya zədəganlarının narazılığı daha da armaqda idi. Bu ilk növbədə III Daranın ölümündən sonra özünü İran şahlarının xələfi elan etmiş İsgəndərin «xilaskar ellinlən» şərq monarxına çevrilməyə başlaması ilə əlaqədar idi. Silah gücünə qarışıq yunan-Makedoniya-İran zəminində «dünya monarxiyası» yaratmağa çalışan İsgəndər İran zədəganlarını dövlət vəzifələrinə cəlb etməyə, yunanmakedoniyalıları yerli xalqlarla siyasi və mədəni cəhətdən yaxınlaşdırmağa, orduya şərq kontingentlərini cəlb etməyə başlamışdı.
İsgəndər özünü ilahi elan edib sarayında şərq despotiyası qaydalarını bərqərar edirdi ki, bu ilk növbədə nisbətən demokratik ənənələr ruhunda tərbiyə edilmiş yunan-makedoniyalıların narazılığına səbəb olurdu. İşğal edilmişərazilərə və tabe edilmiş xalqalara “barbar” və istismar obyekti kimi baxanlar İsgəndərin yunanmakedoniyalıları yerli xalqlarla yaxınlaşdırmaq cəhdlərini nəinki dəstəkləmirdilər, hətta bu siyasətə düşmən gözlə baxırdılar. Şərq vilayətlərini fəth etməklə məşğul olan İsgəndər böyük qətiyyət və qəddarlıqla öz əleyhdarlarına və sui-qəsdçilərə divan tuturdu. İsgəndərin belə amansızlığı ilə bağlı qeyd etmək olar ki, özünə qarşı ilk sui-qəsd aşkar olan kimi İsgəndər Hetayrların başçısı bacarıqlı sərkərdə Parmenionun oğlu Filotu edam etdirir, ardınca Parmenion da öldürtdürülür.
Makedoniyalı İsgəndərin Şərqdə apardığı müharibələr öz spesfik xüsusiyətləri ilə fərqlənirdi. İran monarxiyasına daxil olan, iqtisadi və mədəni cəhətdən xeyli inkişaf etmiş Aralıq dənizinin şərq sahillərindəki ölkələrdə İran zülmündən cana gəlmiş yerli əhali əksər hallarda İsgəndəri xilaskar kimi qarşılayırdı. Bu isə İsgəndərə böyük ictimai dayaq demək idi. İnkişaf etmiş şərq ölkələri hələİsgəndərdən çox əvvəl hərbi imperiya çərçivəsində birləşdirilmişdilər. Bununla belə, zəif İran monarxiyası bu boşluğu doldura bilməmişdi, baxmayaraq ki yunan-İran müharibələri dövründən bu ərazilər İran monarxiyasının tərkibinə qatılmışdı. Qərbi Asiyada yeni tipli siyasi birləşməyə zəruri ehtiyac var idi ki, bu ehtiyacı makedoniyalılar reallaşdırırdılar.
E.ə. 330-329-cu ilin qışında Besi təqib edən İsgəndər Baktriyanı, sonra isə Hindikuşu ələ keçirərək Oks (Amu-Dərya) vadisinə daxil olmuşdu. Bess tutularaq edam edilmiş, makedoniyalılar məhsuldar Sır-Dərya vadisinə daxil olub Soqdinada İsgəndəriyyə — Esxata şəhərini salırlar. Ümumiyyətlə, İsgəndər istilaçılıq siyasətini ələ keçirilmiş ərazilərdə möhkəmləndirilmiş və İsgəndəriyyə adını almış şəhərlərin inşa edilməsi yolu ilə davam etdirirdi. Yaxın və Orta Şərqdə belə şəhər-qalaların sayı 70-ə yaxın idi. Bu şəhərlərdə güclü qarnizonlar yerləşdirilir, yunan – makedon zadəganları və ya İsgəndərə sadiq yerli hakimlər idarəçiliyi həyata keçirirdilər.
Orta Asiya xalqlarının makedoniyalılara qarşı mübarizəsinə soqdinalı Spitamen başçılıq edirdi. Bu mübarizədə soqdanalılar, saklar. massagetlər, dahlar və s. xalqlar iştirak edirdilər. Baktriya, Soqdiana və başqa ərazilərdəki hərbi əməliyyatlar zamanı makedoniyalılar yerli əhalidən 120 min nəfərdən yuxarı adam qırmış, xeyli hisəsini qula çevirmiş, köçəri tayfalar isə daha uzaqlara köç etməli olmuşdular.
Spitamen e.ə. 329-328-ci illərdəİsgəndərə böyük zərbə vursa da, son nəticədə məğlub olmuş və şərqdəki köçəri tayfalara üz tutmuşdu. Onlar isəİsgəndərin hərbi əməliyyatları davam etdirəcəyindən ehtiyat edərək Spitameni öldürmüş, kəsilmiş başını isəİsgəndərə göndərmişdilər. Lakin üsyanların yatırılması mümkün olmamışdı. Belə ki,Spitamen öldürüldükdən sonra xalq hərəkatına Oksiart, Xorien və başqaları rəhbərlik etmişdilər. Orta Asiya tayfaları ilə aparılan müharibələrinin gedişindəİsgəndərə qarşı öz əhatəsində olanların da narazılığı güclənmiş və bu sui-qəsdlərdə özünü göstərmişdi. Belə mübahisələrin birindəİsgəndər özünün ən yaxın dostlarından olan Kliti öldürmüş, tarixçi Kallisfenə amansız divan tutmuş, şəxsi qvardiyasının üzvlərindən bir çoxunu isə edam etdirmişdi.
İsgəndərin Orta Asiya yürüşü üç ildən yuxarı davam etmiş və e.ə. 327-ci ildə başa çatmışdı. Elə həmin ildə də məşhur Hindistan yürüşü başlamışdı. Qədim yunanların fəlsəfi-coğrafi dünyagörüşünə görə, Oykumenanın hüdudları-insanların yaşamaq qabiliyyətinə malik olduqları ərazilər dünya okeanın sərhəddinə qədər uzanır. Dünya okeanı isə Hindistandan sonra başlanır, buna görə də Hindistanın kəşfi ilə dünyanın coğrafi hüdudları başa çatmış olur. Digər tərəfdən İsgəndəri Şərq yürüşündə müşayət edən alimlərin fikrincə, Hindistan yürüşünü asanlaşdıran amillərin biri də orada vahid dövlətin olmaması idi. Hind çarlarından biri olan Taksillə ittifaqa girən İsgəndər ilk olaraq başqa bir Hindistan çarı Pora ağır zərbə vurur və Hind çayı ilə cənuba doğru hərəkət edərək Pəncaba çatır. Burada iki şəhərin – Nikeya və Bukefal şəhərlərinin əsası qoyulur. Lakin e.ə. 326cı ildəİsgəndərin səfərdən əzab-əziyyət çəkən ordusu yürüşü davam etdirməkdən imtina edir və geri qayıtmağı tələb edir. Yaranmış şəraitdə İsgəndər geriyə qayıtmaq əmrini verir və qoşunun bir qismi Nearxın rəhbərliyi ilə e.ə.325-ci ildə dəniz yolu, o biri hissəsi isə quru yolla Mesopotamiyaya doğru hərəkət etməyə başlayır. E.ə.324cü ilin əvvəllərində hər iki qoşun Babil şəhərində birləşir ki, bununla da Hindistanla Mesopotamiya arasında su yolu kəşf edilir.
On ilə yaxın davam etmiş şərq yürüşləri başa çatdıqdan sonra İsgəndər imeriyanın daxili işləri ilə məşğul olmağa başlayır. Babil şəhəri paytaxt seçilir. Iskəndər yunan-makedoniyalıları yerli tayfalarla, xüsusilə Əhəmənilər imperiyasında hakim olmuş farslarla qarışdırıb-qovuşdurmaq siyasətini yeridir. Məhz bu məqsədlə İsgəndər Orta Asiya satrapı Oksiartın qızı Roksananı (İskəndərin ondan bir oğlu olmuşdur), III Daranın qızı Statiranı və III Artakserkin qızı Parisatidanı almışdı. Mənbələrin yazdığına görə, İsgəndər öz yaxın silahdaşlarından 80 nəfərinə, habelə 10 min nəfər yunan-Makedoniya əsgərinə iranlı qızları almış və onların toyunu bir gündə etmişdi. Bu məhşur Suz şənlikləri zamanı baş vermişdi.
Makedoniyalı İsgəndərin on il ərzində yaratmış olduğu böyük imperiyanın sərhədləri Dunay çayı və Qara dənizdən tutmuş Pəncaba qədər olan genişəraziləri əhatə edirdi. Bu dövlətin yaranması ilə qədim dünyada ellinizm dövrü başlayır. İsgəndər monarxiyasının qısa müddətə bir sıra dövlətlərə parçalanmasına baxmayaraq, onun işğalları nəticəsində qərb və şərqdə sivilizasiyanın gələcək inkişafına uyğun gələn yeni siyasi quruluş yaranır. Bu isə yunan və şərq mədəniyyətləri ünsürlərinin qarşılıqlı təsirindən ibarət olmuş və ellinizm adını alımışdı. Makedoniyalı İskəndər e.ə. 323-cü il iyunun 13-də vəfat etsə də onun qərb və şərq mədəniyyətlərinin sintezindən ibarət yaratdığı yeni quruluş ellinizm dövrü kimi e.ə. III-I əsrlərdə mövcud olmuş və ictimai inkişafın sonrakı gedişinə böyük təsir göstərmişdi.
Yunan şəhər dövlətləri
E.ə. VIII-V əsrlərdə yunan-şəhər dövlətlərinin yaranması. E.ə. XI-IX əsrlər Yunanıstan tarixinin «Homer dövrü» adlanır. Yunanıstanda təsərrüfat, sənət, ticarət inkişaf etmişdi. İbtidai icma quruluşu quldarlıqla əvəz olunmuşdu. Orta Yunanıstanda Afina, Cənubi Yunanıstanda Korinf, Sparta, Egey dənizi sahillərində Milet, Samos, Efes, Rodos kimi şəhər dövlətlər yaranmışdı.
Afina şəhər dövləti. Orta Yunanıstanın cənub-şərqindəki Attika adlı böyük yarımadada geniş düzənliyin ortasında yerləşən sıldırım təpədə e.ə. II minillikdə Afina şəhəri salınmışdı. Təpənin zirvəsində ətrafına hasar çəkilmiş Akropol adlanan qala yerləşirdi. E.ə. VIII əsrdə Akropolda yaşayan adlı-sanlı adamlar Attikanın bütün əhalisini özlərinə tabe etdilər. E.ə.VIII əsrdə Afina şəhər dövlətini ağsaqqallar şurası və onun seçdiyi 9 hökmdar idarə edirdi.
Adlı-sanlı yunanlar öz idarə üsullarını «aristokratiya», yəni «yaxşıların hakimiyyəti» adlandırırdılar. Attikanın qalan azad əhalisinə, yəni sənətkarlara, kəndlilərə, günəmuzdçulara, dənizçilərə isə «demos» deyirdilər.
Afinada təsərrüfatın inkişafı. Afina əhalisi əkinçilik və maldarlıqla məşğul olur, əsasən, zeytun və üzüm becərir, şərab və zeytun yağı istehsal edirdi. Şərab və zeytun yağını saxlamaq və daşımaq üçün amfora adlanan gil küplər düzəldirdilər. Amfora qablar iki qulplu dar boğazlı idi. E.ə. VI əsrdə qara və qırmızı rəngli amfora istehsal edilirdi. Akropolun yaxınlığında aqora adlanan bazar meydanı yerləşirdi. Burada dulusçuluq, dəmirçilik, toxuculuq, kənd təsərrüfatı məhsulları satılırdı. E.ə. VII əsrdə Afinada gümüş pul kəsilirdi.
Borc daşı. Köləlik. Afinada varlılar əvvəllər özləri torpaqlarını becərirdilər. Sonra onlar günəmüzdçülardan, (torpağı və daimi işi olmayan, yalnız gördükləri işə görə haqq alan), daha sonra isə qullardan istifadə etməyə başladılar. Afinada köləliyin əsas mənbələri dəniz quldurluğu, müharibədə əsir götürmək, borca görə kişiləri, qul qadınların uşaqlarını qul etmək idi. Qulları bazarda satır, onları, əsasən, mədənlərdə, sənətkar emalatxanalarında, kənd təsərrüfatı və ev işlərində işlədirdilər.
Afinada kəndlilər aristokratlardan borca və ya sələminə pul alırdılar. Aristokratlar verdiyi borcu kəndlinin tarlasının kənarında borc daşına yazırdılar. Buraya borcun miqdarı, sələm faizi, verildiyi vaxt, qaytarılacağı müddət qeyd edilirdi. E.ə.VII əsrdə, demək olar, bütün kəndlilər borca düşdülər. E.ə. VII əsrdə demosun bir hissəsi varlanmışdı, amma yenə də aristokratların hakimiyyəti altında idi.
Demos və aristokratlar arasında mübarizə. E.ə.VII əsrdə Afinada bütün məsələləri adlı-sanlı adamlardan ibarət Ağsaqqallar Şurası həll edirdi. Aristokratlar hakimiyyətlərini möhkəmləndirmək üçün sərt qanunlar qəbul edirdilər. E.ə. VII əsrdə belə sərt qanunu Drakon tərtib etmiş və «Drakon qanunu» adlanan bu qanun haqqında deyirdilər ki, o, «mürəkkəblə deyil, qanla yazılmışdır». Adlı-sanlı olmayan hər kəs cüzi xəta üstündə, hətta bir salxım üzüm oğurladıqda ölümə məhkum edilirdi. E.ə.VII əsrdə idarəetmədə iştirak etmək üçün demosla aristokratlar arasında mübarizə başlandı.
Demos yoxsulların borclarını ləğv etməyi, torpağı kəndlilər arasında bölüşdürməyi tələb edirdi. E.ə. VI əsrin əvvəllərində demosla aristokratlar arasında mübarizə kəskinləşdi. Aristokratlar xalqın üsyan edəcəyindən qorxdular və demosa güzəştə getməyə məcbur oldular. E.ə. 594-cü ildə demos və aristokratları barışdırmaq hökmdar Solona tapşırıldı. Solon xalq yığıncağına arxalanıb islahat keçirdi və islahata əsasən borc daşlarını və borca görə qul olmağı ləğv etdi. Afinalıların gələcəkdə borca görə qul edilməsi qadağan olundıı. Attikanın bütün yerli kişi sakinləri Afina vətəndaşları hesab edildi. Kənar yerlərdən gəlmələr Afina vətəndaşı sayılmırdılar. Əmlaka görə əhali 4 dərəcəyə bölünürdü. Onlar iki il hərbi təlim keçir, müharibə başlanan kimi bütün vətəndaşlar silahı ilə orduya gəlməli idi. Piyada döyüşçülərin əksəriyyəti kəndlilər idi.
Afina vətəndaşları xalq yığıncağında iştirak etmək hüququna malik idilər. Afinada dövlətin idarə olunmasında daha çox adam iştirak edirdi. E.ə.VI əsrin sonundan başlayaraq xalq yığıncağı Afina ordusuna və donanmasına başçılıq edən strateqləri də seçirdi. Beləliklə, e.ə. VIII-VI əsrlərdə Afinada quldarlıq quruluşu bərqərar oldu və quldarlıq dövləti yarandı.
Sparta dövləti. Peloponnes yarımadasının cənub-şərqində Lakonika, cənub-qərbində isə Messeniya vilayəti yerləşirdi. Bu ərazinin torpağı çox münbit idi. E.ə. II minillikdə dorilər hücum edib Lakonikanı tutduqdan sonra Sparta şəhərinin əsasını qoydular və özlərini spartalılar adlandırdılar. Spartalılar messeniyalılara qarşı uzun müddət mübarizə apardılar, e.ə.VII əsrdə onlara qalib gəldilər. Tabe olmayanlara ölkədən çıxıb getməyə icazə verdilər. Spartalılar yerli əhalinin çoxunu qula çevirdilər.
Qulları ilotlar adlandırırdılar. Azad adamlar spartalılara vergi verirdilər. E.ə.VIII-VI əsrlərdə Spartada quldarlıq dövləti yarandı. Burada xalq yığıncağı ahıl adamlardan ağsaqqallar şurası seçirdi. Onun üzvləri mühüm işlərə başçılıq edirdilər. Spartalılar ancaq hərbi işlə məşğul idilər. Qanun onların başqa işlə məşğul olmasına icazə vermirdi. Döyüş vaxtı onlar bir cərgəyə düzülüb nizələrini qabağa uzadır, irəli yeriyir, sanki divar hərəkət edirdi. Belə düzülüş falanqa adlanırdı. Spartalılar uşaq vaxtlarından sərt tərbiyə alır, bütün günü hərbi işlə məşğul olurdular. Spartalılar qısa və aydın danışırdılar. Belə danışıq Lakonik danışıq adlanırdı. Sparta 30 ilə qədər davam edən Peloponnes müharibəsində (e.ə. 431-404) Afinaya qalib gəlmiş, bütün Yunanıstana hakim olmuşdu. E.ə.l46-cı ildə Romadan asılı vəziyyətə düşmüşdü.
Yunan koloniyaları Yunan şəhərlərində sənətkarlıq və ticarət inkişaf edirdi. Tacirlər sənətkarlıq məmulatlarını Aralıq dənizi və ona bitişik olan dənizlərin sahillərində satırdılar. Kiçik Asiyadakı Milet şəhərində yun parça, Korinf şəhərində ən yaxşı silah, Afinada əla dulusçuluq məmulatı istehsal olunurdu. Yunanlar hazırladıqları keyfiyyətli şərab və zeytun məhsullarını xarici ölkə bazarlarına da çıxarırdılar.
Yunanıstanın ticarət şəhərləri Aralıq dənizi və Qara dəniz sahillərində daimi koloniyalar, yəni daimi məskənlər yaratdılar. Köçüb gələnlər Yunanıstanın müxtəlif vilayətlərindən idilər, onlar kolonistlər adlanırdılar. Koloniyalara tacirlər, sənətkarlar, demoslarla aristokratlar arasında mübarizədə məğlub olanlar, aztorpaqlı kəndlilər, üsyan zamanı məğlub edilənlər gəlirdilər. Qara dəniz sahillərində Pantikapey, Olviya, Xersones, Fasis, Sinop və başqa yunan şəhər dövlətləri yarandı. Beləliklə, e.ə. VIII-VI əsrlərdə Qafqazdan tutmuş İspaniyaya qədər dəniz sahillərində çoxlu yunan koloniyaları əmələ gəldi. Bu koloniyalar yunan şəhərləri ilə əlaqə yaradır və əlaqə saxladıqları həmin şəhərləri ana şəhər adlandırırdılar.
Koloniyalarla ticarət Yunanıstanda sənətkarlıq və ticarətin inkişafına təkan verdi. E.ə. VIII-VI əsrlərdə Yunanıstanın bütün şəhərlərində və koloniyalarında şəhər quldarlıq dövlətləri yarandı, hər bir şəhər dövlətinin qoşunu, hökuməti, xəzinəsi, pulu var idi. Onların bəzisini demos, bəzisini isə aristokratlar idarə edirdilər.
Qədim yunanlar yad ölkələrdə məskunlaşsalar da, özlərini vahid xalq hesab edirdilər. Yad ölkələrdə məskunlaşan yunanlar özlərini ellinlər, vətənlərini Ellada adlandırırdılar. Harada yaşadıqlarından asılı olmayaraq, ellinləri ümumi dil, adət-ənənələr, qədim əfsanələr, din və vahid yazı birləşdirirdi.
Afina, Ellada, qədim yunanlar
Afina quldarlıq demokratiyası
Afinada quldarlıq təsərrüfatı. İran-Yunan müharibəsindən sonra da Afina dəniz ittifaqı fəaliyyət göstərdi. Afina bu ittifaqın donanma və qoşunundan, xəzinəsindən istədiyi kimi istifadə edirdi. Afinalılar öz şəhərlərinin ətrafına müdafiə divarları çəkdilər. Afinalılar «dəniz sahibləri» sayılırdılar. Onun 6 kilometrliyində olan körfəzdə Pirey limanı salındı. Şəhərdən limana qədər hündür divarlar çəkilmişdi. Dünyanın müxtəlif ölkələrindən Afinaya məhsullar gətirilirdi, buradan isə Afinada istehsal olunan məhsullar aparılırdı. Tacirlər Afinaya gətirdikləri mal üçün ticarət vergisi (gömrük) verirdilər. E.ə. V əsrdə Afina Yunanıstanın ən varlı şəhər dövləti oldu.
Afinanın sərvəti qala divarlarının tikilməsinə, möhtəşəm məbədlərin, ictimai binaların, heykəllərin yaradılmasına sərf olunurdu. Bu isə bənnaların, sənətkarların və başqalarının işlə təmin olunmasına şərait yaradırdı. Hərbi donanma gəmiqayıranların, dənizçilərin, avar çəkənlərin yaşamasına imkan verirdi. Yunanıstanda böyük qul bazarları var idi. Ən böyük qul bazarlarından biri Xios adasında idi. Bu bazarda gündə 10 min qul satılırdı. Qul əməyindən ən çox filiz mədənlərində, daş karxanalarında, sənətkarlıq emalatxanalarında, kənd təsərrüfatında. ev qulluqçuluğunda istifadə olunurdu. Quldarlar qulları «İnsan ayaqlı» adlandırırdılar.
Afinada quldarlıq demokratiyası. Perikl. E.ə. V əsrdə Yunanıstanda hakimiyyətin iki forması uğrunda mübarizə gedirdi. Yuxarı təbəqə oliqarxiya (azların hakimiyyəti) tərəfdarı idi. Azad əhalinin aşağı təbəqəsi demokratik hakimiyyəti (xalq hakimiyyətini) müdafiə edirdi.
E.ə. V əsrdə Afinada ali hakimiyyət ayda 3-4 dəfə çağrılan xalq yığıncağına məxsus idi. Yığıncaq qanunlar qəbul edir, xəzinəni ixtiyarında saxlayır, müharibə və sülh məsələsini həll edir, strateq və başqa vəzifəli şəxsləri seçirdi. Qərarlar səs çoxluğu ilə qəbul olunurdu. 500 nəfərdən ibarət şura xalq yığıncağına kömək edirdi. Xalq yığıncağı demosun mənafeyini müdafiə edənləri vəzifəyə seçirdi. E.ə. 443-cü ildə strateq vəzifəsinə görkəmli dövlət xadimi Perikl seçildi. O, ömrünün sonuna kimi 15 il dalbadal strateq oldu. Perikl varlı ailədən olmasına baxmayaraq demokratiyanı müdafiə edirdi. Perikl dövrünün ən görkəmli elm və mədəniyyət xadimlərini müdafiə edirdi. Parfenon məbədi və digər möhtəşəm abidələr onun dövründə tikilmişdi. O, yoxsulların pullu vəzifələrə seçilməsinə nail oldu. Afinada dövlətin bu cür idarə olunması demokratiya adlanırdı, bu da «demosun hakimiyyəti» demək idi. Afina demokratiyası qullar üzərində quldarların hakimiyyətini təmin edirdi. Bu demokratiya quldarlıq demokratiyası idi. Perikl dövründə demokratiya özünün ən yüksək mərhələsinə çatdı. Afinada ata-anası afinalı olanlar vətəndaş sayılırdı. Qullar, Afinaya gəlmələr və onların övladları Afina vətəndaşı ola bilməzdilər, demokratiyanın bəhrəsindən istifadə etmək hüquqları yox idi.
Afinanın izdihamlı və səs-küylü yeri aqora idi. Səhər çağı aqorada ticarət başlanırdı. Axşama yaxın ticarət dayandırılır, əhali yenilikləri öyrənmək üçün buraya gəlirdi. Əhali burada xalq yığıncağında və məhkəmələrdə baxılacaq işlər haqqında bildirişlə tanış olur, yeniliklərdən xəbər tuturdular. Aqoraya hamı - varlı da, yoxsul da gəlirdi. Yaşlı kişilər və gənclər gimnaziyalarda məşhur alimlərin mühazirəsini dinləyir, gimnastika ilə məşğul olurdular. Böyük bir binada musiqiçilər və müğənnilər yarışırdılar.
Qədim Yunanistanda iqtisadi fikrin təşəkkülü və inkişafi
İqtisadiyyat haqqında söhbət edərkən, bir qayda olaraq, bu sözün ilkin şərhini vermiş qədim yunanlar haqqında düşünməli oluruq. Lakin cəmiyyətin davranış qaydaları, faydalı fəaliyyətləri haqqında bəhs edən iqtisadiyyat lap qədim dövrlərdən bəri mövcud olsa da ancaq bir elmi təfəkkür tərzi kimi, uzun müddət elmin müxtəlif sahələri ilə bağlı öyrənilmişdir. Özü də bu proses Qədim Yunanıstanda özünə xüsusi məkan qazanmışdır. Heç də, təsadüfi deyildir ki, biz iqtisadiyyat haqqında danışarkən, bu məfhumun mənşəyini yunan sözü olan "təsərrüfat" və "qanun" olduğunu qeyd etməli oluruq.
"İliada" və "Odisey" əsərlərində sərvətin mənbəyi, natural təsərrüfat, xüsusən, taxılın, heyvanların yığımı hər cür məhsulların ehtiyatı sayılırdı. Kənd təsərrüfatı işləri ilə məşğul olmaq azad adamların ləyaqətli işi hesab olunurdu.
Yunanıstanda e.ə. VIII-VII əsrlərdə sənətkarlığın əkinçilikdən ayrılması, ticarətin genişlənməsi, eləcə də sələmçiliyin güclənməsi, bir tərəfdən adamların torpaqdan məhrum olunmasına gətirib çıxarırdı, digər tərəfdən cəmiyyətin Polisey (şəhər-dövlət) deyilən, xüsusi qrupu meydana gəldi ki, onlar da kollektiv şəkildə qullara, digər asılı adamlara və yadelli adamlara qarşı dururdular. Poliseyaya daxil olan vətəndaşlar, torpaq və qullar üzərində hakim mövqedə dayanmaq hüququnu daşıyırdılar.
Antik dövrün iqtisadi fikri haqqında bəhs edərkən Qədim Yunanıstanda e.ə. V-VI əsrlərdə həyata keçirilən Solonun və Periklin islahatlarından irəli gələn iqtisadi görüşləri xüsusi qeyd etmək lazımdır. Bu dövrlərdə azad əhali kütləsi ilə kübarlar arasında gedən mübarizə sənətkarlığın əkinçilikdən ayrılması nəticəsində yeni şəhərlərin əmələ gəlməsi, qul borcunun birmənalı qəbul olunması, quldarlıq quruluşunun sosial bazasının möhkəmləndirilməsi, siyasi sistemin demokratikləşməsi və s. ilə bağlı iqtisadi görüşlər üstünlük təşkil edirdi.
Solon borc hüququ ilə bağlı irəli sürdüyü fikir bütün borcları və onunla bağlı faizləri, qul borc verməsini ləğv etdi. Borc yerinə verilmiş afinalılar dövlət hesabına alınıb geri qaytarılırdı.
Quldarlıq quruluşunun inkişafı ilə bağlı irəli sürülən islahatlar nəticəsində bir tərəfdən qohumluqla bağlı bir sıra toxunulmaz qanunlar ləğv olundu, əmtəə-pul münasibətlərinin geniş vüsət almasına şərait yaradıldı.
Hakimiyyətin nəsli xarakter daşımasına, qohumluq prinsipinə əsaslanmasına son qoyan Solona islahatları, heç də cəmiyyətdə mövcud təkhakimiyyətliliyi, diktatorluğu aradan qaldırmadı. Əksinə, bu rejimin möhkəmləndirilməsi üçün əkinçilərin, sənətkarların, tacirlərin dövlətdən iqtisadi asılılığını xeyli gücləndirdi. Bu özünü ən çox güzəştli kreditlərin verilməsində, vergilərin tutulmasında, torpaqların bölgüsündə əks etdirdi. Kəndlilərin xeyrinə torpaqlar əgər bərabər bölgü şəklində paylanılırdısa, lakin girov qoyulması, icarəyə verilməsi, dəyişdirilməsi qadağan edilirdi.
Qədim Yunanıstanda iqisadi fikir, ilkin olaraq, bədii ədəbiyyatda, iqtisadi siyasətdə, qanunçuluqda öz əksini tapsa da, lakin daha sonralar o öz əksini məşhur filosofların görüşlərində tapırdı. Məsələn, Demokrit (e.ə. 470) sübut edirdi ki, icma cəmiyyətini heç də ideallaşdırmaq lazım deyil. Çünki o vaxt adamlar boş əllə mübarizə aparırdılar. Lakin dövlətin yaradılması yeni cəmiyyətin ən böyük nailiyyəti olmaqla "hər şeydə bərabərliyin" qorunması baş verirdi. Bununla bərabər Demokrit hesab edirdi ki, hər cür əlavə yığım cəmiyyətin "kasıb" və "dövlətli" təbəqəsini əmələ gətirir. Əgər hər hansı kəs "öz payından razıdırsa, onu yoxsul adlandırmaq olmaz". Yaxud "malik olduğundan razı olmayanı da dövlətli adlandırmaq olmaz".
Xüsusi mülkiyyəti, qul əməyinin mənimsənilməsini təbii hal hesab edən Demokrit göstərirdi ki, qulların məhsuldarlığını yüksəltmək, onların təyinatına görə istifadə etmək vacibdir.
Bundan əlavə Demokrit iri torpaq sahibkarlığını, həddindən artıq pul yığımını qəbul etmirdi. Göstərirdi ki, həddindən artıq pula pərəstişlik və onun ödənilməsinin sonu yoxdur. Görünməmiş mənfəət "vicdanın itirilməsinə" gətirib çıxarır. Yoxsulluğu ləyaqətlə keçirməyi, sağlam düşüncəni əks etdirən cəhət kimi qəbul edirdi.
Qədim Yunanıstanın "Özün-özünü dərk et" tezisinin müəllifi məşhur Sokratın (469-399) iqtisadi görüşlərində əsas yeri "mənəvi xeyirxahlıq" tuturdu. O qeyd edirdi ki, sərvət əldə etmək üçün qətiyyətlilik, enerji və xeyirxahlıq lazımdır. Sərvətin saxlanılması üçün isə, adamlarda onsuz keçinmək xüsusiyyəti olmalıdır. Bununla əlaqədar olaraq o, geniş əhali kütləsini aza qane olmağa, əldə olunan sərvəti mənəvi xeyirxahlıqla bağlı olaraq qorumağa çağırırdı.
Qədim Yunanıstanın iqtisadi fikir tarixinin, bəlkə də bəşəriyyətin antik dövrlə bağlı ən parlaq tərəqqi dövrü e.ə. IY əsridir. Bu dövrdə quldarlıq quruluşu inkişafının yüksək mərhələsinə çatmaqla, onun daxili ziddiyyətləri kəskinləşmiş, Polisey (şəhər-dövlət) sistemi böhrana uğramış, demokratik proseslər isə özünü doğrultmuşdur.
Kiçik və orta torpaq sahibkarlığı quldarlığın, sənətkarlığın və mübadilənin inkişaf səviyyəsi ilə uyğun gəlmirdi. Bütün bunlar iqtisadi inkişafın natural və əmtəə təsərrüfatına doğru inkişaf etdirilməsini zəruriləşdirirdi. Xüsusi və kollektiv quldarldıq, sənətkarlıq və əkinçiliyin inkişafı yeni iqtisadi görüşlərin əmələ gəlməsinə səbəb olurdu.
Belə iqtisadi görüşlərin formalaşması və Ksenofontun (e.ə. 430-354), Platonun (e.ə. 427-347), Aristotelin (e.ə. 384-322) əsərlərində daha parlaq şəkildə əks olunmuşdur.
Afina Poliseyinin kübar ailəsində dünyaya gəlmiş Ksenofont qızğın siyasi dairələrdə aktiv iştirak etmiş, spartakçılardan torpaq sahəsi almış və öz fəaliyətini bədii ədəbiyyatlarla, kənd təsərrüfatı işləri ilə bağlamışdır. O, öz iqtisali görüşlərini "Evqurumu" əsərində şərh etmişdir. Quldarlıq quruluşunun görkəmli ideoloqu kimi, o, ev təsərrüfatının aparılması qaydaları, xüsusi ev təsərrüfatı ilə əkinçiliyin aparılması üsulları, istehsalın təşkili, qulların daha məhsuldar işləməsi, maddi stimullaşmanın aparılması haqqında elmi mülahizələr irəli sürmüşdür. Ksenofont göstərirdi ki, iqtisadi inkişafın yolu natural təsərrüfatdır.
Bununla əlaqədar olaraq, o, kənd təsərrüfatını son dərəcə ideallaşdırırdı. Əkinçilik sahəsində tətbiqi əməyin bütün sahələrdə əldə olunacaq müvəffəqiyyətlərin zəmini olduğunu qeyd edən Ksenofont göstərirdi ki, "torpaq ədalətliliyi öyrədir və kim orada ürəklə çalışırsa, o, daha çox mənfəət əldə edir".
Bununla əlaqədar olaraq Ksenofont göstərirdi ki, "əkinçilik bütün peşələrin anası və əmizdirənidir".
Sərvət haqqında bəhs edən alim onu xalis istehlakçı mövqedən izah edirdi.
Əmək bölgüsünə xüsusi diqqət yetirən Ksenofont qeyd edirdi ki, eyni bir ustanın müxtəlif əşyalar hazırlamaq qabiliyyətinə baxmayaraq o, heç də onları eyni qaydada yaxşı hazırlaya bilməz. Ona görə də hərə öz məşğul olduğu peşəyə uyğun məhsul hazırlasa və məhdud bir işlə məşğul olsa daha çox fayda gətirə bilər və daha yaxşı hazırlaşa bilər. Əmək bölgüsünə həm geniş mənada, həm də dar mənada baxan Ksenofont qeyd edirdi ki, bazarların həcmi əmək bölgüsünün miqyasından asılıdır. Lakin bununla yanaşı o qeyd edirdi ki, bazarların həcminin genişlənməsinə pul da təsir göstərir. Pula olan hədsiz meyli əsaslandıran Ksenofont qeyd edirdi ki, heç kəs istədiyi qədər pul əldə edə bilmir. Əgər kimdəsə, o həddindən artıqdır, onda o, əlavə pulu basdırır və onun istifadəsindən az olmayan bir zövq əldə edir.
Qiymət yaranma mexanizminə toxunan Ksenofont göstərirdi ki, misin, dəmirin, ərzağın təklifindən asılı olaraq, onların qiyməti dəyişir. Belə qiymət diyişmə əkinçiliyə də təsir edir və hətta onların peşələrinin dəyişdirilməsinə səbəb olur.
Pelopon müharibəsindən sonra Yunanıstanı dərin böhran bürüməklə, quldarlıq quruluşunun ziddiyyətləri olduqca kəskinləşmişdi. Kübar ailələrin mənafeyi zəifləyirdi.
Azad vətəndaşlar, əkinçilər, sənətkarlar, tacirlər və aristokratiya arasında ciddi ziddiyyətlər meydana gəlmişdi. Məhz belə şəraitdə görkəmli filosof Platonun iqtisadi və sosial proseslərə olan münasibəti, iqtisadi fikirdə olduqca dəyərli görüşlərin əmələ gəlməsinə səbəb oldu. Onun əsas iqtisadi fikirləri "Dövlət" və "Qanunlar" əsərində şərh olunmuşdu.
Platon da Ksenofont kimi yunan polisinin böhran keçirtdiyi vaxtlarda yaşamış, zəmanəsinə xas olan ictimai, iqtisadi, sosial-siyasi, mənəvi-hüquqi məsələlərini həll etməyə çalışmışdı. Yaxşı təhsil almış, gəmi səyahəti ilə müxtəlif ölkələrdə olmuş və seçilən torpaq sahibi ailəsində anadan olmuş Platon kübarlarla demokratlar arasında, dövlətlilərlə kasıblar arasında, qullarla quldarlar arasında gedən sinfi mübarizənin həll olunmasına çalışmışdı. Məhz buna görə də o, antik dövrün ən məşhur mütəfəkkiri kimi, sonrakı elmi dünyagörüşlərin formalaşmasının mənbəyi kimi bəşər tarixində əbədiləşmişdir.
Yeni və ya ideal dövlət yaradılması barədə Platonun konsepsiyasında əsas yeri varlıların və kasıbların maddi mənafelərinə uyğun gəlməyən vahid dövlətin olmaması onun hər vaxt parçalanmağa məruz qalacağı qeyd olunurdu.
Çünki dövlət varlılarla kasıbların mənafeyini birləşdirmədiyindən o, iki yerə bölünür. Belə şəraitdə varlanmağa cəhd edən, hərislik göstərən dövlətlilər fəaliyyətsizləşir, kasıbların təsərrüfatını aparılmasını məhdudlaşdıran imkansızlara çevrilirlər. Ona görə də, Platon göstərirdi ki, hakim siniflə azad əhali arasındakı qeyri-bərabər əmlak artımını dayandırmaq lazımdır.
Platon hesab edirdi ki, ümumiyyətlə qeyri-bərabərlik insanların təbiətindən irəli gəlir və onu aradan qaldırmaq mümkün deyil. Ona görə də hər adam təbii qabiliyyətinə uyğun gələn payı almalıdır.
O göstərirdi ki, hərə bir işlə məşğul olmalıdır. İşçi işləyənlərin işinə deyil, müəyyən bir işə uyğunlaşmalıdır. Bu çox asan məhsul istehsal etməyə səbəb olar.
Platon hesab edirdi ki, dövlət üç təbəqədən ibarət olmalıdır. Hökmdar və filosoflardan, hərbiçilər və əkinçilərdən, sənətkar və tacirlərdən. Bu təbəqələrin mənəvi təbiətləri müxtəlif olduğundan onlar dövlət işlərində də müxtəlif işləri yerinə yetirəcəklər. Əmək bölgüsünə, xüsusən ixtisaslaşmaya böyük əhəmiyyət verən Platon göstərirdi ki, cəmiyyətdə müxtəlif kəmiyyətli tələbatlar fəaliyyət göstərdiyindən, hətta bir adamın tələbatının ödənilməsi üçün çoxnövlü əmək tətbiq etmək lazımdır. Beləliklə, o, belə qənaətə gəlirdi ki, əmək bölgüsü cəmiyyətdə adamların biri-biri ilə əlaqəyə girməsinə səbəb olur. Belə əlaqə şəraitində müxtəlif tələbatlarla, ayrıca bir adamın məhdud qabiliyyəti arasındakı ziddiyyəti həll edir.
Öz sinfi mövqeyindən çıxış edən Platon göstərirdi ki, filosof və hərbiçiləri məhsuldar əməkdən azad etmək lazımdır. Bu işə yalnız qullar, sənətkarlar, kəndlilər cəlb olunmalıdır.
Platon əmək bölgüsünün zəruriliyini göstərməklə yanaşı, bu işdə ticarətin rolunu xüsusi qeyd edirdi.
O göstərirdi ki, ticarət ona görə lazımdır ki, o şəhərlər daxilində və şəhərlər arasında əmək bölgüsünə xidmət edir. Pulun mahiyyətini izah etmədən, Platon onun iki funksiyasını, dəyər ölçüsü və tədavülün olduğunu qeyd edirdi. Pulun yalnız mübadilə vasitəsi olduğu qeyd olunurdu.
Dövlətin sabit inkişafını, natural təsərrüft ilə əlaqələndirən Platon göstərirdi ki, yalnız quldarlığı saxlamaqla, yeni şəhərlər salmaqla nail olmaq olar. Dövlət quruculuğu ilə əlaqədar olan"Qanunlar" əsərində o, şəhər-dövlət işinin başlanğıcını, təbii-coğrafi mühitlə əlaqəsini, şəhərsalma işini, eləcə də, orada əhalinin əmlaka görə yerləşdirilməsi qaydalarını göstərirdi. Belə ki, yerləşdirilən əhaliyə verilən torpaq payı ilə əlaqədar 4 əmlakın inkişafı mövcudluğu qeyd olunurdu. Əmlakın azalıb-çoxalması ilə əlaqədar bir sinif digər sinfə keçirilməlidir.
Xüsusən əmlakın çoxalmasına dövlət nəzarətinin gücləndirilməsi qeyd olunurdu. Əgər əmlak mövcud payın dəyərindən 4 dəfə çox olarsa, onda əlavə əmlak dövlətə və ya allah hesab olunan hökmdara verilməlidir.
Belə şəraitdə varlı nə kasıb olacaq, nə də deməli, vətəndaşlar arasında ciddi narazılıqlar baş verməyəcək.
Dövlətin iqtisadi inkişafını aqrar bölmə ilə əlaqələndirən Platon qeyd edirdi ki, əldə olunan məhsullar 12 hissəyə bölünməlidir. Hər 12 hissə isə 3 hissəyə bölünməlidir. Bir hissə azad adamlar üçün, digər hissə qullar üçün, üçüncü hissə isə xaricilərə satılmaq üçün nəzərdə tutulmalıdır.
Platon öz dövlət layihəsində faizlə borcun verilməsini, kreditlə mal alınmasını qadağan edirdi. Zəruri olmayan malların idxalını, dövlətə lazım olan malların ixracını vacib hesab edirdi. Bir gündə bir məhsula iki qiymətin qoyulmasını qadağan edirdi. Xırda ticarətin fəaliyyətini Platon yalnız anadan olmuş torpaq sahibləri üçün zəruri hesab edirdi.
Platon iqtisadi inkişafın meyarının, ciddi və vaxtında yerinə-yetirilən qanunlardan ibarət olduğunu göstərirdi.
Dövləti torpağın ali mülkiyyətçisi hesab edən Platon, göstərirdi ki, dövlət torpaq paylarını bölür, kollektiv istehlakı təmin etməklə, natural təsərrüfatın inkişafını tənzimləşdirir. Bununla yanaşı o, xüsusi mülkiyyəti toxunulmaz elan edir. Bu əsasdan da o, cəmiyyət üzvlərinin bərabərliyini təmin etməyi və vətəndaşların dövlətə tabe olma ruhunda tərbiyə olunmasını tövsiyə edirdi.
Antik dövrün iqtisadi problemlərinə dair ən mütərəqqi fikirlər irəli sürən Aristotel, dünya elminin korifeylərindən hesab olunur. Aristoteldir. Məntiqi elmi yaradıcılığa əsaslanan, cəmiyyətdə baş verən sosial-siyasi, mədəni-iqtisadi dəyişikliklərin əsasında duran əsas prinsipləri Aristotel açıb göstərmişdir. Elm aləmində dahi Platonun şagirdi, qədim dünyanın bənzərsiz sərkərdəsi Makedoniyalı İsgəndərin müəllimi kimi tanınan Aristotel, quldarlıq quruluşunun iqtisadi sistemini şərh edən ilk iqtisadçı hesab olunur.
Bu da təsadüfi deyildir. Çünki o, "Siyasət", "Afina siyasəti" əsərlərində adamların faydalı fəaliyyətini və nemətlər əldə olunmasına görə onların davranış qaydalarını təhlil edə bilmişdir.
Aristotelin iqtisadi görüşləri elə dövrdə foprmalaşmışdır ki, həmin şəraitdə quldarlıq cəmiyyəti dərin böhranlara, polisey dövlət qurumu tənəzzülə məruz qalmışdır.
Quldarlığın ilkin olaraq, iqtisadi xarakteristikasını vermiş Aristotel göstərirdi ki, nə istehsal, nə də ki, insan həyatının özü qulsuz keçinə bilməz.
Qulları danışan və çevik əmək aləti hesab edən Aristotel, onları mülkiyyət obyekti sayırdı. Bununla əlaqədar olaraq meydana gələn iki fəaliyyət növünü fərqləndirməyi tövsiyə edirdi. Biri aktiv fəaliyyət kimi istehlakdan ibarətdir ki, onlar zəruri yaşayış vasitələrinin yaradılmasını tələb edir. İkinci fəaliyyət növü isə qul əməyidir ki, o da zəruri yaşayış vasitələrinin istehsalına yönəldilir. Məhz bu baxımdan da Aristotel hesab edirdi ki, sərvət, nemət əldə etmək istəyən hər bir kəs mütləq qul əməyindən istifadə etməlidir. Qul əməyi və ona hökm vermək "təbiətin ümumi qanunu" kimi, "qarşılıqlı özünüsaxlamaq" prinsipindən irəli gəldiyini göstərən Aristotel sübut edirdi ki, hətta adamlar hüquqi baxımdan azad olsalar belə, müəyyən fiziki işlər yerinə yetirəndə onlar qula çevrilirlər.
Fiziki əməyin cəmiyyətin sosial həyatında daşıdığı mahiyyətdən asılı olmayaraq, onun hər cür sərvətin, nemətin mənbəyi olduğunu Aristotel qeyd etməklə, bu, iqtisadi fikir tarixində böyük elmi xidmət kimi qiymətləndirilir. Aydındır ki, o dövrün iqtisadi inkişaf qanunauyğunluqlarından irəli gələn elmi müddəalar, heç də müasir iqtisadi təfəkkür baxımından birmənalı qəbul edilə bilməz. Lakin o dövrdə gətirilən təhlillər, müxtəlif mülahizələr tarixi-məntiqi səpkidə qiymətləndirilməlidir.
Aristotel qulu gəlir gətirən əmlak hesalb edirdi. Çünki bir halda ki, qul quldarın mülkiyyətində idi, onun əməyinin nəticəsi də quldar tərəfindən mənimsənilməli idi. Beləliklə, quldarlıq insanla əşya arasındakı həddi silmiş, nemət yaradan əmək hər cür azadlıqdan məhrum edilmişdir. Aristotel göstərirdi ki, hər cür ağır fiziki işləri qullar görməlidirlər. Fiziki işlərdən azad olanlar isə dövlət işləri ilə məşğul olmalıdırlar.
Nemətdən istifadə olunması üsulunu tədqiq edən Aristotel əmtəənin iki tərəfini -istehlak və mübadilə dəyərini təhlil edir.
İstehlak dəyəri kimi istifadə olunan neməti Aristotel "təbii, mubadilə dəyəri kimi istifadə olunan neməti "qeyri-təbii" proses kimi xarakterizə edirdi.
İqtisadi zəruriyyət kimi nəzərdə tutulan ehtiyac, Aristotelə görə adamları bir-biri ilə bağlı edir. Tarixi inkişafla, əmək bölgüsü ilə əlaqədar olaraq meydana gələn maddi nemətlərin mübadilə olunması zəruriliyini göstərən Aristotel ticarətin meydana gəlməsini və inkişafını tədqiq edir.
Mübadilənin və ticarətin iqtisadi zəruriliyini və onun dövlətin əmələ gəlməsindəki rolunu şərh edən Aristotel qeyd edirdi ki, belə proses mənfəət əldə etmək üçün labüddür.
Mübadilə qanunlarının mahiyyətini aşkarlamağa cəhd göstərən Aristotel qeyd edirdi ki, mübadilədə əmtəə dəyərlərinin bərabərləşməsi prosesi baş verir. Mübadilə prosesinin inkişafı ilə əlaqədar meydana gələn pulun mənşəyini təsadüfi saymır və qeyd edirdi ki, "mübadilə ticarətin zəruriliyi ilə pul meydana gəlir". Pulun əmtəə mənşəyini və dəyər ölçüsünü, tədavül funksiyalarını aşkar edən Aristotel, onun təbii mahiyyətini açmaqla, sözün əsl mənasında dəyər formalarının ilk tədqiqatçısına çevrilmişdir.
Aristotel hesab edirdi ki, əmtəələr özü-özlüyündə ölçülməklə, lakin pul vasitəsi ilə bu prosesə daxil ola bilərlər. Çünki bu praktiki tələbatla əlaqədardır. Bununla da o, pulun dəyər ölçüsü funksiyasını qeyd etmişdir. O göstərirdi ki, əgər əmtəələr pulla ölçülərsə, deməli, onlarda bir bərabərlik mövcuddur.
Bu bərabərləşmənin ümumi bir əsasının olduğunu dərk edən Aristotel, onun mənbəyini tapa bilməsə də, lakin gələcəkdə mübadilədə əmtəə dəyərlərinin bərabərləşməsinin əsasının ictimai zəruri əməkdən ibarət olunması kəşfinin əsasını qoydu.
Bundan əlavə Aristotel əməkdə bərabərliyin axtarılmasını mənasız hesab edirdisə də, lakin istehsal xərclərində xüsusi əməyə qiymət verirdi.
Ev və dövlət üçün nemətlər əldə olunması üçün təsərrüfatçılıq fəaliyyətinə xüsusi qiymət verən Aristotel qeyd edirdi ki, belə formadakı fəaliyyət "iqtisadiyyat"dır. Lakin varidat, sərvət əldə etmək, xüsusən onun pul formasında toplanması fəaliyyəti isə xrematistikadır.
Xrematistikaya əmlak, mülk mənasını verən Aristotel onu iqtisadiyyatla müqayisə etməklə, bu anlayışların təbii tarixi rolunu müəyyən etməyə cəhd göstərir.
Bununla da o, ilk dəfə olaraq pulun tədavül vasitəsi kimi rolu ilə sahibkar üçün yeni pul əmələ gətirən pul rolunu fərqləndirir. Beləliklə də göstərir ki, iqtisadiyyat nəzərə çarpmadan, lakin zəruri şəkildə xrematistikaya, yəni əmlaka, mülkə çevrilir.
Antik dünyada ticarətin və sələmin istər iqtisadi fəaliyyətdə, istərsə də xrematistik fəaliyyətdəki rolunu nəzərə alan Aristotel qeyd edirdi ki,"...ticarət fəaliyyətində özünü göstərən sərvət toplamaq məqsədə çatmaqda heç bir zaman son hədd olmur, ona görə ki, burada məqsəd hədsiz sərvət toplamaq və pula sahib olmaqdan ibarətdir. Pul dövriyyəsi ilə məşğul olanların hamısı öz kapitallarını hədsiz dərəcədə artırmağa çalışırlar". Beləliklə də "iqtisadiyyata" təbii, xrematistikaya qeyri-təbii münasibət bəsləyən Aristotel göstərirdi ki, nemətlərin bölgüsü "ədalət" prinsipinə görə həyata keçirilməlidir. Daha doğrusu, belə ədalətli bölgü "ləyaqətə görə", adamların cəmiyyətdə və dövlət işlərində tutduğu mövqeyə görə aparılmalıdır.
Aristotelə görə əmlak fərqi saxlanılmalıdır. Lakin o, nə həddən artıq varlanmağa, nə də ki, kasıblığa səbəb olmamalıdır.
Aristotelin iqtisadi fikirləri demək olar ki, əsrlər boyu görkəmli filosofların, cəmiyyət həyatı ilə məşğul olan alimlərin daim diqqət mərkəzində olmuşdur.
İqtisadiyyat elmi bir sistem kimi tətbiq olunmasından başlayaraq, hal-hazırkı dövrə qədər, Aristotelin bir sıra ideyalarını inkişaf etdirmiş, onun elmi təfəkkürün formalaşması üçün daşıdığı əhəmiyyət xüsusi qeyd edilmişdir.
Qədim Yunanıstanda iqtisadi fikrin formalaşması və olduqca yetkin səviyyədə qalxması hər şeydən əvvəl icma quruluşunun dağılması, quldarlığın inkişaf etməsi, bu zəmində polis dövlət quruluşunun əmələ gəlməsi və ziddiyyətlərin kəskinləşməsi ilə əlaqələndirmək lazımdır. Digər tərəfdən dövrün görkəmli korifeylərinin quldarlıq quruluşuna haqq qazandırması, belə şəraitə uyğun "ədalətli" həyat tərzinin formalaşması prinsiplərinin müəyyən edilməsi, qul əməyinin hər cür sərvətin mənbəyinin təşkil olunmasının əsaslandırılması iqtisadi fikrinin inkişafına səbəb olmuşdur.
Bundan əlavə şəhərlərin inkişafı, onunla əlaqədar olaraq əkinçiliyin, sənətkarlığın, ticarətin inkişaf etməsi, əmək bölgüsünün əhəmiyyətinin düzgün qiymətləndirilməsi iqtisadi fikrin yetkinləşməsinə səbəb olmuş, iqtisadi proseslərin aparılmasının ilkin nəzəri istiqamətlərinin verilməsinə şərait yaratmışdır.

Комментариев нет:
Отправить комментарий